İSFAHANDAKI SƏFƏVİ SARAYINDA TÜRK DİLİNİN MÖVQEYİ
Turxan Gəncəyi
Şah İsmayıl Səfəvi 907-ci (1501-ci) ildə Naxçıvan yaxınlığındakı Şərurda Ağqoyunlu Əlvənd Mirzəyə qalib gəldikdən sonra Səfəvilər dövlətinin əsasını qoydu və Təbrizi paytaxt etdi. Şah İsmayılın oğlu və xələfi Şah Təhmasib, görünür, osmanlıların təzyiqi və həmlələri ucbatından 962-ci (1555-ci) ildə paytaxtı Qəzvinə köçürdü. I Şah Abbas isə 1006-cı (1597-ci) ildə ölkənin mərkəzində yerləşən İsfahanı paytaxt seçdi. Paytaxtın türklərin yaşadığı bölgələrdən İsfahana köçürülməsi təbii ki, Təbrizin siyasi və mədəni əhəmiyyətinə zərbə vurdu. Digər tərəfdən, Şah Abbasın hərbi islahatları da ümumilikdə qızılbaş tayfalarının nüfuzunu və rolunu azaltdı.
Amma bütün bu dəyişikliklərə rəğmən Səfəvi şahlarının və Səfəvi dövlətinin əsasını qoymuş qızılbaş tayfalarının ana dili olan türk dili Təbrizdə və Qəzvində olduğu kimi yeni paytaxt İsfahanda da sarayın və qoşunun işlək dili olaraq qaldı. Eyni zamanda Abbasabad məhəlləsində yaşayan insanların dili, təbii ki, türk dili idi. Bu məhəllə İsfahan şəhərinin qərbində Təbrizdən köçürülənlərin yaşaması üçün salınmışdı.
Avropa səyyahları və İranda yaşayan avropalılar Səfəvilər dövründə türk dilinin əhəmiyyəti barədə maraqlı məlumatlar vermişlər. Bu məlumatlar irq və dil məsələlərində müəyyən yanlışlıqlardan xali olmasa da, bu dövrdə türk dilinin fövqəladə əhəmiyyətini göstərmək baxımından diqqətəlayiq və faydalıdır.
İki il İstanbulda qalıb türk dilini öyrənmiş İtaliya səyyahı Petra della Valle 18 dekabr 1617-ci il tarixdə İsfahandan dostu Mario Eskipanoya yazdığı məktubda belə deyir: «Bütövlükdə İranda, xüsusən sarayda, böyüklər və əyanlar arasında daha çox türkcə danışılır, nəinki farsca... Türkcə danışmağın səbəbi bu deyil ki, iranlılar ona fars dilindən daha artıq dəyər verirlər. Əsas səbəb budur ki, bütün qoşun əslən türk olan qızılbaşlardan təşkil olunmuşdur. Şahın müxtəlif tayfalardan olan qulamları da daha çox türkcə danışırlar və farsca bilmirlər. Buna görə də nəinki əmirlər qoşuna aid məsələləri türkcə çatdırırlar, hətta vaxtının çox hissəsini əcgərlər arasında keçirən şahın özü də dediklərinin başa düşülməsi üçün türkcə danışır. Nəticədə bu dil bütün sarayda, qadınlar və digərləri arasında geniş yayılmışdır»1.
Della Valle həmin məktubunda rəsmi yazışmalarda və şah fərmanlarında işlənən ədəbi dil olaraq fars dilinin də əhəmiyyətinə işarə edir. 1618-ci il may ayının əvvəllərində yazdığı başqa bir məktubda o, şahla görüşü və söhbəti barədə deyir: «Şah mənə oturmağa icazə verdikdən sonra türk dilində bu yerlərə gəlişimin səbəbini və digər məsələləri soruşdu. Mən müxtəsər şəkildə və bacardığım kimi suallara cavab verdim. Mən cavab verdikcə, şah adəti üzrə eşitdiklərini farscaya tərcümə edib ucadan söyləyirdi... Bir dəfə nəyi isə izah edəndə, İranda «osmanlı» adlanan və bir çox sözləri baxımından buradakı türk dilindən fərqlənən Konstantinopol (İstanbul) türkcəsində danışdığım üçün şah mənim dediklərimi düzgün anlamadı»2.
İranda qaldığı müddətdə hətta türkcə bir şeir də qoşan3 bu müəllif 1620-ci ildə türk dilinin qrammatikasına dair bir kitab yazmış və həmin kitabın müqəddiməsində Osmanlı imperiyasının Avropa, Asiya və Afrikadakı qüdrəti, qızılbaşların İranda və digər türk xalqlarının Orta Asiyadakı hakimiyyəti baxımından bu dili öyrənməyin əhəmiyyəti və faydası barədə maraqlı mülahizələr söyləmişdir4.
Sözügedən avropalılardan biri də alman Adam Olearidir ki, Fridrix fon Helşteyn sarayı tərəfindən səfirlik katibi qismində Rusiyaya və İrana göndərilmiş və 1636-cı ilin noyabrından 1638-ci ilin fevralına qədər İranda qalmışdır. Oleari Şah Səfinin səfirlərin şərəfinə düzənlədiyi ziyafəti təsvir edərkən yazır: «Ziyafət bitdtkdən sonra eşikağasıbaşı ucadan türkcə dedi: «Süfrə həqqinə, şah dövlətinə, qazilər qüvvətinə «Allah» deyəlüm. Allah! Allah!» Və məclis əhli: «Allah! Allah!» - deyə təkrar etdilər»5.
Həmin müəllif yazır ki, iranlılar xüsusən Şirvan, Azərbaycan, İraq, Bağdad və İrəvan vilayətlərində uşaqlara türk dilini də öyrədirlər. Onun bildirdiyinə görə, türk dili İsfahan sarayında o qədər əhəmiyyətə malikdir ki, orada çox nadir hallarda farsca bir söz eşidirsən6. Yenə həmin müəllif qeyd edir ki, iranlılar türkcə və farsca yaxşı poetik əsərlər yaratmışlar; və Nəsimi, Nəvayi, Füzuli kimi şairlərin adlarını Firdovsi, Hafiz, Sədi ilə bir sırada çəkir7.
Bütövlükdə on bir il (1664-70 və 1671-77) İranda olmuş Şevalye Jan Şardən yazır: «Əbhərdən sonra şəhər və kəndlərdə yalnız fars dili eşidilir, halbuki ora qədər ümumən türk dili işlədilir. Lakin buradakı türk dili Osmanlı dövlətində danışılan türkcədən bir az fərqlənir»8. Həmin müəllif səfərnaməsinin dillərdən bəhs edən fəslində türk dili barəsində deyir: «Türk dili qoşunun və sarayın dilidir, kişilər və qadınlar, xüsusən zadəgan ailələrində yalnız türkcə danışırlar. Bunun səbəbi odur ki, Səfəvi sülaləsi türkdilli bölgədən və ana dili türk dili olan türkmanlar arasından çıxmışdır»9.
1683-cü ildə Papanın nümayəndəsi kimi İrana gəlib üç il İsfahanda yaşayan Sanson şahın mənəvi qüdrətinə və günahlardan xali olmasına iranlıların inamından danışarkən yazır: «Onlar şahla hər söhbət əsnasında «qurban olum, din-imanım padşah, başına dönüm» kimi ifadələr işlədirlər»10.
1644-cü ildə bir heyətin başçısı kimi İrana gələn və orada da vəfat edən Rafael dü Man «1660-cı ildə İranda vəziyyət» adlı kitabında fars dilində İranda sadə adamların danışdığını, türk dilinin isə sarayda işləndiyini qeyd etdikdən sonra bu iki dilin quruluşuna dair müxtəsər şəkildə şərh verir. Yunan və latın dillərinin gözəlliyinin müxtəlif təsriflənmələrdən və onların hər birinin xüsusi əhəmiyyətindən doğduğunu düşünən müəllif yazır: «Türk dili bu baxımdan həmin dillərdən əsla əskik deyil.
Üstəlik türkcədə o qədər morfoloji qaydasızlıq, fellərin təsriflənməsi və isimlərin hallanmasında müxtəliflik və fərqlilik də yoxdur, əksinə, onun bütün qaydaları eyni cürdür»11. Bu müəllif 1684-cü ildə türk dilinin qrammatikasına dair latınca bir kitab yazmışdır ki, yığcam olmasına baxmayaraq, həmin dövr türk dilinin bəzi xüsusiyyətlərini əks etdirmək nöqteyi-nəzərindən əhəmiyyətlidir12.
1684-cü ildə İsveç səfirinin başçılıq etdiyi bir heyətlə İrana gələn, həmin heyətin katibi və həkimi olan alman Engelbert Kempfer türk dili haqqında yazır: «Sarayda işlənən türk dili daha çox hakim sülalənin ana dilidir, nəinki sadə camaatın. Bu dil saray vasitəsilə əyan-əşrəf ailələrində elə geniş yayılmışdır ki, indi imtiyazlı təbəqədən olan hər hansı şəxsin onu bilməməsi utanc gətirən bir haldır»13.
Həmin dövrdə İsfahandakı kərməli rahibləri icmasında hazırlanmış üçdilli (italyanca-farsca-türkcə) bir lügət bizə gəlib çatmışdır. Bu lüğət türk dilinin dini təbliğat üçün də nə dərəcədə əhəmiyyətli olduğunu göstərir14. Həmin lüğət ədəbi əsərlərdəki sözlərdən fərqlənən bir sıra gündəlik danışıq dili vahidlərini ehtiva edir.
Məhəmməd Tahir Vəhid II Şah Abbas dövründə 1070-ci (1659-1660-cı) ilin hadisələrini təsvir edərkən yazır: «Dərviş Mustafa öyrəşdiyi vətəninə (Rum ölkəsinə) qayıtmaq istədiyindən Şirvan bəylərbəyi Hacı Mənuçehr xanın adına mübarək xətt ilə şərəfli məktub yazdılar». Və bunun ardınca o, türk dilində olan amannamənin surətini verir15. Bu amannamənin sadə dili və aydın üslubu I Şah İsmayılın və Şah Təhmasibin dövründə türkcə verilən hökm və fərmanların dilini xatırladır16. Bu dil gündəlik danışıq dili ilə I Şah Abbas dövründən etibarən Osmanlı münşilərinə təqlid edilməklə İranla Avropa arasında rəsmi yazışmalarda işlənən dəbdəbəli və mürəkkəb dil arasında orta hədd təşkil edir. Misal olaraq, aşağıdakı iki məktubu göstərmək olar:
Şah Səfinin Avstriya-Macarıstan imperatoru II Ferdinanda məktubu və Şah Sultan Hüseynin Saksoniya hersoqu və Polşa kralı Fridrix Avqusta məktubu17.
Əbdülcəmil (Əbdülcəlil) ibn Məhəmmədrza ən-Nəsiri Tusi bizə gəlib çatmış türkcə lüğətin müqəddiməsində qeyd edir ki, 1079-cu ilin ziqədə (1669-cu ilin aprel) ayında, yəni Şah Süleymanın taxta çıxmasının üçüncü ilində münşiül-məmalik vəzifəsi onun atasına həvalə olunmuşdu və «asiman təməlli dərgaha Rum, Qılmaq padşahlarından və digər türkdilli sultanlardan gələn məktubların çoxu fars dilinə tərcümə edilməli olduğundan çətin türk sözlərinin bilinməsinə ehtiyac vardı», buna görə də atası iyirmi il müddətində türk sözlərini toplayıb bölüm və fəsillərdən ibarət bir kitab tərtib etmişdi. Burada o, «aralarında ən az fərq olan» rum və qızılbaş sözlərini bir bölümdə, cığatay kəlmələrini başqa bir bölümdə, qılmaq sözlərini isə sonda yerləşdirmişdi və həmin kitabı padşahın adına bağlamaq istəyirdi, amma əcəl imkan vermədi və kitab yarımçıq qaldı. Atasının vəfatından sonra Əbdülcəmil kitabı müəyyən dəyişikliklərlə başa çatdırdı. Bu kitab türk dilinin xüsusiyyətləri haqqında müqəddimədən və dörd sözlükdən ibarətdir18.
Səfəvi dövrünün şeir və ədəbiyyat dili türk dilinin cənub-qərb qrupunun bir şaxəsidir. Bu şaxə Azərbaycan və İraq Cəlairiləri mühitində meydana gəlmiş, sonralar Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyəti dövründə tam yetkinlik kəsb etmişdir.
Səfəvi dövrünün əvvəllərində yaşamış Füzuli şerindəki üslub fərqlərinə üstüörtülü işarələr edən Osmanlı təzkirəçiləri19, məncə, həm də iki ədəbi ləhcə arasındakı müxtəlifliyi nəzərdə tutmuşlar. Bayat elindən olan Füzuli öz dilini «türkcə» deyə təqdim etmiş və Osmanlı şairlərini «büləğayi-Rum», Teymuri dövrü şairlərini isə «füsəhayi-Tatar» adlandırmışdır20. Sadiqi ilk dəfə olaraq «mütəkəllimini-Qızılbaş» ifadəsini bu ikisinə əlavə etmişdir21. «Qızılbaşca» Səfəvi dövründəki türkcəni göstərmək üçün işlədilən bir istilah idi və bu sülalənin süqutundan sonra siyasi və məzhəbi çalara malik olduğundan aradan qalxdı.
Geniş yayılmış fikrin əksinə olaraq, Səfəvi şahları şeir və ədəbiyyatın hamisi olmuşlar. Bu şahların və şahzadələrin bəzisi ikidilli şair olmuş22, türkcə və farsca şeiri eyni dərəcədə himayə etmişlər. Şah Abbas bir tərəfdən Şəfaiyə və başqalarına göstəriş verirdi ki, cığatay şairi Heydərin «Məxzən» kitabını farscaya çevirsinlər23, digər tərəfdən də Sadiqi Kitabdara tapşırırdı ki, Mövləvinin «Məsnəvi»sini türkcəyə tərcümə etsin24.
Səfəvi sarayında məliküş-şüəralıq rəsmi bir mənsəb idi. «Onun (məliküş-şüəranın) vəzifəsi bu idi ki, hər il Günəş Qoç bürcünə daxil olanda qabaqcadan padşahın tərifinə, yaxud baharın təsvirinə həsr olunmuş bir qəsidə yazsın və Novruz bayramı günü onu gətirib hamının yanında padşahın müqəddəs hüzurunda oxusun, padşahın yeni tikilən bina və imarətləri barədə «tarix» desin və şərəfli əmrin verildiyi istənilən mövzuda məsnəvi və qəsidə qələmə alsın»25.
Bir müddət sarayda müstövfi olmuş Təsir Təbrizinin divanında türkcə qəzəllərdən başqa, türk dilində qəsidə, məsnəvi və digər şeirlər də vardır. Həmin şeirlərin aşağıda verilən başlıqlarından aydın olur ki, Şah Süleymanın və Şah Sultan Hüseynin zamanında türkcə məliküş-şüəralıq vəzifəsi də faktiki olaraq bu şairin öhdəsinə düşübmüş:
- Qüdrətli, müqəddəs və ulu hökmdar Şah Süleyman əs-Səfəvinin mədhinə həsr edilmiş və onun şərəfli nəzərinə təqdim olunmuş türkcə qəsidə;
- Şah Sultan Hüseyn əl-Musəvinin taxta çıxdığı tarixə həsr edilmiş və onun nurlu nəzərinə təqdim olunmuş türkcə qəsidə;
- Cənnətməkan hökmdara ərz olunmuş türkcə tərcibənd;
- Yüksək əmrə əsasən yazılmış və ərz olunmuş türkcə bayram məsnəvisi;
- Şahzadə Sultan Əkbər ibn Övrəngzibin gəlişinə həsr edilmiş və onun mübarək nəzərinə təqdim olunaraq bəyənilmiş türkcə qəzəl.
Bu dövrün təzkirələrində türkcə yazan çoxlu şairlərin adlarına və əsərlərindən nümunələrə rast gəlmək olur. Türkcə divan, yaxud əhəmiyyətli həcmdə əsərlər yazmış və İsfahandakı ədəbi fəaliyyəti Səfəvi sarayı ilə yaxından bağlı olan şairləri aşağıdakı şəkildə qruplaşdıra bilərik:
a) Yalnız türkcə şeir yazan şairlər: Məsihi («Vərqa və Gülşah»), Qövsi (Divan), Məlik bəy Avçı (Divan), Mürtəzaqulu xan Zəfər (Divan);
b) Farsca və türkcə divanı olan şairlər: Əmani və Sadiqi;
c) Əsasən farsca yazan, amma müəyyən həcmdə türkcə şeirləri olan şairlər: Saib (türkcə 17 qəzəl), Vaiz Qəzvini (türkcə 9 qəzəl), Təsir Təbrizi (bu şairin qəsidə, qəzəl və s.-dən ibarət olan külliyatında 447 beytlik «Türkiyat» bölümü vardır).
Qaynaqlar:
1. I viaggi di Pietro Della Valle, ed. F.Gaeta, I (Roma, 1972), 8
2. Yenə orada, s.236
3. Ettore Rossi. Versi turchi e altri scritti inediti di Pietro Della Valle, RSO, 22 (1947), 92-98
4. Ettore Rossi. Importanza dell’inedita grammatica turca di Pietro Della Valle, Atti del XIX Congresso Internazionale delgi Orientalisti, (Roma, 1993), 203
5. Adam Olearius. Vermehrte neue Beschreibung der muscovitischen und persischen Reyse, (Schleswig, 1656), 512
6. Yenə orada, s.616
7. Yenə orada, s.624
8. Voyages du Chevalier Chardin en Perse (Paris, 1811), II, 385-386
9. Yenə orada, 4-cü cild, s.238
10. P.Sanson. Estat Present du Royaume de Perse (Paris, 1694), 137
11. Raphael du Mans. Estat de la Perse en l’an 1660 (Paris, 1890), 134 Sqq.
12. Bax: T.Gandjei. Turcica Agemica, London, 1989
13. Engelbert Kaempfer. Amoenitatum exoticatum politico-physico-medicarum Fasciculi V, (Lemgoviae, 1712), 144
14. A.Bodroligeti. On the Turkish Vocabulary of the Isfahan Anonymous, Acta Orient. Hung. 21 (1968), 15-13
15. Məhəmməd Tahir Vəhid. Abbasnamə. Be ehtemame-İbrahim Dehqan. Ərak, 1329, s.255
16. Bu iki məktubun mətnini L.Fekete 1973-cü ildə Tiflisdə «Philologia Orientalis» məcmuəsində çap etmişdir.
17. Bu iki məktub çap olunmuşdur. Bax: Fekte Layos. İran şahlarinin iki Türkce mektubu. TM, V-VI, (1934-36), 269-247
18. Bu lügətin əlyazması Tehran Universiteti Mərkəzi kitabxanasında mövuddur.
19. Təzkireyi-Lətifi. Britaniya Muzeyi nüsxəsi, Add.17339, vərəq 76. Təzkireyi-Bəyani. İstanbul Universitetindəki əlyazma, №2568, vərəq 66.
20. Külliyati-Füzuli. İstanbul, 1924, s.6-7.
21. Külliyati-Sadiqi. Təbriz Milli Kitabxanasındakı əlyazma, s.1022.
22. Fəxri Herəvi. Rövzətüs-səlatin. Təshihe-Xəyyampur. Təbriz, 1345, s.4-12 və 21-28; Sadiqi. Məcməül-xəvas. Təshih və tərcomeye-Xəyyampur. Təbriz, 1327.
23. Nəsrullah Fəlsəfi. Zendeqaniye-Şah Abbase-əvvəl. C.2, Tehran, 1324, s.39.
24. Külliyati-Sadiqi, 1021-1022.
25. Dəsturol-moluke-Mirza Rəfia. Be kuşeşe-Məhəmməd Təqi Daneşpəjuh. – Məcəlleye-daneşkədeye-ədəbiyyat və olume-ensani. № 68, 1348, s.424.
26. Külliyati-Təsir. Sepəhsalar Ali Mədrəsəsi kitabxanasındakı əlyazma. Bu əlyazmanın təsviri üçün həmin kitabxananın İbn Yusif Şirazi tərəfindən hazırlanmış kataloquna bax (Tehran, 1316-18, s.537-76).
Fars dilindən çevirəni: Məsiağa Məhəmmədi
2 Comments:
Bu bilgilendirici makaleyi Türk diline çeviren Məsiağa Məhəmmədi'ye ve burada neşr ettiğiniz için size teşekkür ederim. Türkçe'nin o devirlerdeki ehemmiyetini ve Osmanlı ve İran'da o devirde Türkçe'ye bakış açısını kıyaslama imkanı buldum.
I would like to exchange links with your site www.blogger.com
Is this possible?
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home